Qardabanidə Vətən müharibəsinin şəhidləri yad edilib

30 sentyabr, 2026

Qardabanidə Vətən müharibəsinin şəhidləri yad edilib

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunan açıq dərs keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan dili müəllimi Sevda Şahverdiyeva və tarixçi Əvəzxan İsayevin keçdiyi dərsdə Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı barədə ətraflı məlumat verilib. Çıxışlarda 27 Sentyabr – Anım Gününün mahiyyəti, şəhidlərin əziz xatirəsinin yaşadılmasının vacibliyi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, mərkəz Anım Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğu, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın möhkəm iradəsi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mənəvi dəstəyinin tarixi Qələbənin mühüm amillərindən biri olduğu bildirilib.

 

Gələcək nəsillərə sülhün, qarşılıqlı hörmətin və insan həyatının dəyərinin aşılanmasının vacibliyi vurğulanıb. Regionda dayanıqlı sülhün və sabitliyin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkilib, şəhidlərin ailələrinə və yaxınlarına səbr dilənilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər