Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

4 avqust, 2026

Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə maarifləndirici tədbir keçirilib.

Mərkəzin direktoru Çiçək Hüseynova Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mədəniyyətinin və mənəvi dəyərlərinin əsas daşıyıcısı olduğunu vurğulayıb. O, ana dilimizin qorunmasının, düzgün istifadəsinin və gələcək nəsillərə sevdirilməsinin vacibliyindən danışaraq, bu cür maarifləndirici tədbirlərin gənclərdə milli dəyərlərə bağlılığın gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Mərkəzin şagirdi Lalə Zeynalova "Azərbaycan dili və əlifbasının tarixi" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan əlifbasının keçdiyi inkişaf mərhələləri, müxtəlif dövrlərdə istifadə olunan əlifbalar, eləcə də Azərbaycan dilinin formalaşması və inkişaf yolu haqqında ətraflı məlumat verilib.

Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Şahverdiyeva Azərbaycan dilinin zənginliyi, saflığının qorunmasının vacibliyi və bu istiqamətdə gənc nəslin üzərinə düşən məsuliyyətdən danışıb. O, ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını və milli irsini yaşadan ən mühüm dəyərlərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində şagirdlər Azərbaycan dili, Vətən və milli-mənəvi dəyərlərə həsr olunmuş şeirlər səsləndirib, maarifləndirici təqdimatlar nümayiş etdiriblər. Çıxışlarda Azərbaycan dilinin gündəlik həyatda düzgün istifadəsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər