Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələr təltif olunub

30 aprel, 2026

Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələr təltif olunub

Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin IV kursunda Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb.

Açılış nitqi ilə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixən yüksək səviyyədə olduğunu, bu münasibətlərin bu gün də uğurla davam edərək gündən-günə inkişaf etdiyini vurğulayıb. O həmçinin Prezident İlham Əliyevin Azərbaycan dilinin dünyada yayılmasına böyük önəm verdiyini diqqətə çatdırıb.

Azərbaycanın Misirdəki Səfirliyinin müşaviri Fərhad Məmmədov bildirib ki, Misirdə Azərbaycan dilinə marağın yüksək olması hər iki xalq arasında dostluq münasibətlərinin bariz nümunəsidir. O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız arasındakı elmi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Azərbaycan dili dərslərində yüksək nəticələr göstərən 18 tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, hazırda cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər