Komitə sədri Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüşüb

18 mart, 2024

Komitə sədri Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, pedaqoji elmlər doktoru Gülnarə Səfərova ilə görüşüb. 

Qonağı səmimi salamlayan komitə sədri azərbaycanlı musiqiçini yenidən vətəndə görməkdən məmnunluq ifadə edib.

G.Səfərova Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət not kitablarının Yaponiyada dərc olunması layihəsinin uğurla davam etdirildiyi haqqında məlumat verib. Bildirib ki, layihənin icrasına 2022-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə başlanıb. 2023-cü ilin payızında isə bəstəkarın “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasının daxil edildiyi iki not kitabı yapon musiqisevərlərinə təqdim edilib.

Görüşdə həmçinin azərbaycanlıların Yaponiyadakı diaspor fəaliyyəti, keçirilən tədbirlər, gələcəkdə mədəni sahədə həyata keçiriləcək layihələr və mədəni irsimizin təbliğinin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonağa Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə çap olunan “The Colors of Azerbaijan: Land of Multiculturalism kitabı və bir sıra başqa vəsaitlər hədiyyə olunub.

Qeyd edək ki, G.Səfərova 1971-ci ildə Tbilisidə anadan olub. 2018-ci ildən Yaponiyada “Ongakuno-ie Musigi Evi” musiqi məktəbinə rəhbərlik edir. 2022-ci ildən Yamato Musiqi Cəmiyyətinin və Kanagawa Ken-O Musiqi Cəmiyyətinin üzvüdür. Hazırda Yaponiyanın Tokio şəhərində yaşayır. Yaponiya, ABŞ, Almaniya və Fransada beynəlxalq konsert proqramları ilə çıxış edib.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər