İğdırda 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
30 may, 2025.jpeg)
İğdır Azərbaycan Evində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə iki qardaş ölkənin azadlığı və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad edilib, sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Açılış nitqində İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar 28 May - Azərbaycanın Müstəqillik Günündən və bu tarixin siyasi, mənəvi əhəmiyyətindən danışıb. O, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu xatırladıb. Cəmi 23 ay fəaliyyət göstərən AXC bolşeviklərin işğalı ilə süquta uğrasa da, xalqımızın azadlıq iradəsinin sarsılmadığı xüsusi vurğulanıb. 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdiyini, 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitliyin təmin olunduğu və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandığı diqqətə çatdırılıb.
İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, jurnalist Serdar Ünsal və digər çıxışçılar Azərbaycanın müstəqillik ideyasının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edən mühüm addımların atıldığını qeyd ediblər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik fəlsəfəsinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində bu prosesin daha da möhkəmləndirildiyi bildirilib.
28 May tarixinin yalnız siyasi müstəqilliyin deyil, həm də milli birlik və dövlətçilik ideyalarının təntənəsi olduğunu söyləyən natiqlər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olduğu diqqətə çatdırılıb.
Tədbir Nevzat Turan və Rasim Ağazadənin ifasında Azərbaycan xalq musiqilərindən parçaların səsləndirilməsi ilə davam edib.
Foto qalereya
Digər xəbərlər