Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb
30 may, 2025ABŞ-nin Çikaqo şəhərinin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə bayraqqaldırma mərasimi baş tutub.
Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid və Mehriban Məmmədovların təşkilatçılığı ilə həyata keçirilib.
Hər il olduğu kimi, bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.
Tədbirdə Türkiyənin Çikaqodakı Baş konsulu Tahir Bora Atatanır, Şəhər Şurasının rəsmisi Mariya Pappas və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Mariya Pappas Müstəqillik Günü və bayrağımızın təntənəli şəkildə qaldırılması münasibətilə icmamızı təbrik edib.
Çıxışçılar ştatda yaşayan Azərbaycan icmasını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, verdiyi töhfələrə görə soydaşlarımıza minnətdarlıqlarını bildiriblər.
Tədbirdə milli rəqs nümunələrimiz ifa edilib.
Bayraqqaldırma mərasimi şəhər əhalisinin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara ölkəmiz haqqında məlumat verilib.
Azərbaycan bayrağı gün ərzində Çikaqo meriyasının qarşısında dalğalanıb.
Foto qalereya
Digər xəbərlər