Praqada minlərlə sakin Azərbaycanla bağlı məlumatlandırılıb

10 avqust, 2026

Praqada minlərlə sakin Azərbaycanla bağlı məlumatlandırılıb

Çexiyanın paytaxtı Praqanın Köhnə Şəhər meydanında Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunan maarifləndirici aksiya keçirilib.

Aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutub. Məqsəd Qərbi Azərbaycan və Qarabağın zəngin tarixi-mədəni irsini beynəlxalq ictimaiyyətə tanıtmaq, Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mədəni irsin qorunmasının vacibliyini diqqətə çatdırmaq, tarixi həqiqətləri obyektiv faktlar əsasında təqdim etmək, eləcə də mədəni irsin mühafizəsi istiqamətində beynəlxalq ictimaiyyətin həssaslığını artırmaq olub.

Maarifləndirici aksiya çərçivəsində “Qərbi Azərbaycan, Qarabağ: dünəndən bu günə-memarlıq, mədəni irs və sülh-təhlükəsizliyə aparan yol” adlı fotosərgi təşkil olunub. Sərgidə Qərbi Azərbaycan və Qarabağın zəngin tarixi-mədəni irsini əks etdirən, eyni zamanda həmin ərazilərdə Azərbaycan xalqına məxsus memarlıq və mədəniyyət nümunələrinin dağıdılması və məhv edilməsini əks etdirən 17 iriölçülü şəkil nümayiş etdirilib.

Tədbirin keçirilməsində 20-dən çox diaspor fəalı aktiv iştirak edib. Onlar gün ərzində sərgini ziyarət edən yerli sakinlərə və xarici turistlərə nümayiş etdirilən fotoşəkillər, tarixi abidələr və onların taleyi barədə ətraflı məlumat verib, həmçinin mövzu ilə bağlı maarifləndirici broşürlər paylayıblar.

Aksiyada Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, səfirliyin əməkdaşları, Çexiyanın SPD Partiyasının üzvləri Dr. Ing. Milan Urban və Sergey Zuyev iştirak ediblər. Çex rəsmiləri faktlara əsaslanan belə maarifləndirici təşəbbüslərin tarixi yaddaşın qorunmasına, mədəni irsin beynəlxalq müstəvidə tanıdılmasına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Praqanın ən çox ziyarət olunan məkanlarından birində gün ərzində davam edən aksiya minlərlə yerli sakin və turistin böyük marağına səbəb olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər