“İnteqrasiya öz kimliyindən və köklərindən imtina demək deyil”

9 oktyabr, 2026

“İnteqrasiya öz kimliyindən və köklərindən imtina demək deyil”

İsveçin Partille bələdiyyə məclisinin azərbaycanlı deputatı, Mərkəz Partiyasının üzvü Turan Əliyevin inteqrasiya və ayrı-seçkilik məsələlərinə həsr olunan məqaləsi “Partille Tidning” qəzetində dərc edilib.

Məqalədə yaşayış məhəllələri arasında sosial təcrid problemi diqqətə çatdırılıb. Müəllif bu məsələyə insanları “biz” və “onlar” deyə qruplara ayırmadan yanaşmağın, qarşılıqlı anlaşmanı gücləndirməyin və cəmiyyətdə birliyi qorumağın vacibliyini vurğulayıb.

İsveç Demokratları Partiyasının nümayəndələrinin “Məcburi qarışdırılmaya yox!” şüarına münasibət bildirən soydaşımız qeyd edib ki, hər kəs milli kimliyini və köklərini qorumaqla yanaşı, harada yaşayacağını özü seçmək hüququna malik olmalıdır. Öz həyatını buna nümunə göstərən Turan Əliyev İsveçi öz ölkəsi, Partille-ni isə yaşadığı bələdiyyə hesab etdiyini, eyni zamanda, milli köklərinə bağlılığını qoruduğunu bildirib.

Soydaşımızın fikrincə, İsveçdə yaşayan hər kəs ölkənin dilini öyrənməli, qanunlarına əməl etməli, imkanları daxilində işləyərək öz dolanışığını qazanmalı, demokratiyaya, gender bərabərliyinə və insan azadlıqlarına hörmətlə yanaşmalıdır. Bununla yanaşı, insanların cəmiyyətə inteqrasiyası üçün onların təhsil almasına, iş tapmasına və öz gələcəklərini qurmasına imkan verən şərait yaradılmalıdır.

Məqalənin sonunda vurğulanıb ki, uğurlu inteqrasiyanın təmin olunması üçün sosial təcrid aradan qaldırılmalı, hər kəsin özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməsinə şərait yaradılmalı və ictimai birlik qorunmalıdır.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.partilletidning.se/asikt-och-debatt/diskutera-segregation-utan-att-skapa-ett-vi-och-dom.3372a012-dcc0-567a-9ee4-582d67eb1a16

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər