Hamburqda azərbaycanlı gənclərin intellektual yarışı keçirilib
8 oktyabr, 2026
Almaniyanın Hamburq şəhərində azərbaycanlı gənclər və tələbələr arasında intellektual yarış keçirilib. Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin (VASW e. V.) təşkilatçılığı ilə baş tutan yarışda 30-dan çox soydaşımız iştirak edib.
Əsas məqsəd Almaniyada yaşayan azərbaycanlı gənclər arasında əlaqələri möhkəmləndirmək, onların bir-biri ilə tanışlığına və ünsiyyət imkanlarının genişlənməsinə şərait yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
Komandalar şəklində keçirilən intellektual oyunda iştirakçılar müxtəlif mövzuları əhatə edən sualları cavablandıraraq bilik və məntiqi düşünmə bacarıqlarını sınayıblar. Yarış çərçivəsində yaradılan səmimi ünsiyyət və fikir mübadiləsi mühiti isə gənclərin bir-birini daha yaxından tanımasına, yeni dostluq və əməkdaşlıq əlaqələri qurmasına imkan verib.
Gənc soydaşlarımız yarışın gələcəkdə Almaniyanın digər şəhərlərində də keçirilməsini təklif ediblər. Bildirilib ki, müxtəlif şəhərlərdə təşkil olunacaq oyunların qalib komandalarının iştirakı ilə Berlində final mərhələsinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2007-ci ildə yaradılan Azərbaycan Tələbə və Elmi İşçilər Birliyi (VASW e. V.) Almaniyada yaşayan azərbaycanlı tələbə və gənc mütəxəssisləri müxtəlif sahələrdə dəstəkləyir, kollektiv təşəbbüslərin inkişafına töhfə verir, eləcə də Azərbaycanın zəngin tarixini və mədəniyyətini Almaniyada tanıdır. Birliyin İdarə Heyətinin hazırkı sədri Mədinə Səmədovadır.
Digər xəbərlər
