Mental arifmetika Marneulidə ilk dəfə GAİM-də tədris ediləcək
9 oktyabr, 2026
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) mental arifmetika üzrə tədris proqramına start verilib.
Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov iştirakçıları salamlayıb, mərkəzin fəaliyyəti və yeni layihənin məqsədləri barədə məlumat verib. O, qələm-kağız, kalkulyator kimi vasitələrdən istifadə etmədən yalnız zehin gücü ilə hesablamalar aparmağı öyrədən mental arifmetikanın Marneulidə ilk dəfə GAİM-də tədris olunacağını bildirib.
Dərsləri müəllim Sayalı İsmayılova keçəcək. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində ibtidai təhsil üzrə bakalavr, psixologiya üzrə isə magistr təhsili alıb. Həmçinin Azərbaycan və gürcü bölmələrində dörd illik pedaqoji təcrübəyə malikdir.
Yeni tədris proqramı məktəblilərlə yanaşı, məktəbəqədər yaşlı uşaqları, abituriyentləri və müəllimləri də əhatə edir. Proqram çərçivəsində məktəbəqədər və milli imtahanlara hazırlıq, gürcü və ingilis dillərinin tədrisi, eləcə də uşaqlara psixoloji dəstək xidmətləri təqdim olunur. Dərslərdə müasir texnologiyalardan, interaktiv oyunlardan və müxtəlif tədris vasitələrindən istifadə ediləcək.
Tədbirdə “AMAKids” və “Sumato” mental arifmetika proqramlarını Gürcüstana ilk gətirən İnqa Nodia da iştirak edib. O, Sayalı İsmayılovanın təşəbbüsü ilə əməkdaşlığın qurulduğunu və onun Marneuli regionunda bu proqramların yeganə nümayəndəsi olduğunu bildirib.
Layihənin əsas məqsədi Marneulidə müasir təhsil imkanlarını genişləndirmək, şagirdlərin və abituriyentlərin inkişafına, eləcə də müəllimlərin peşəkar fəaliyyətinə dəstək göstərməkdir.
Foto qalereya
Digər xəbərlər
