Praqada azərbaycanlı gənc rəssamların əsərləri sərgilənib
10 avqust, 2026
Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən “Delyafruz Art” qalereyasında azərbaycanlı gənc rəssamların “Günəşə doğru” (Toward the Sun) adlı beynəlxalq rəsm sərgisi keçirilib.
Sərgidə Azərbaycandan olan 30 rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika, batika, qobelen və xalçaçılıq nümunələri nümayiş etdirilib.
Layihənin rəhbəri, heykəltəraş Roza Həsənovanın sözlərinə görə, təqdim olunan əsərlərdə Azərbaycanın təbiətindən və zəngin mədəniyyətindən ilhamlanan parlaq rənglər üstünlük təşkil edib.
Praqa Azərbaycan Evinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Leyla Begim Cəfərova sərgini gənc rəssamların yaradıcılığında, eləcə də Praqanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
Tədbirdə Çexiyada yaşayan azərbaycanlı gənc skripkaçı Canel Nəcəflinin ifaları böyük maraqla qarşılanıb.
Sərginin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Delyafruz” Praqada azərbaycanlı rəssam, təsviri incəsənət üzrə fəlsəfə doktoru, rəngkarlıq və batika işləri ilə tanınan Delyafruz Bağırovanın yaratdığı qalereyadır.
Foto qalereya
Digər xəbərlər
