Polşada Azərbaycan guşəsinə xüsusi maraq göstərilib
28 aprel, 2026
Polşada yerləşən “Huntsman” şirkətində keçirilən “Mədəniyyət günü” (“Cultural Day”) tədbirində Azərbaycanın zəngin mədəni irsindən nümunələr sərgilənib. Krakov Azərbaycan Evinin və “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının fəal üzvləri Yasəmən Ələkbərova və Elşad Əliyevin hazırladığı Azərbaycan guşəsinə xüsusi maraq göstərilib.
İştirakçılara Azərbaycanın zəngin mədəniyyəti, onun tarixi köklərə söykənən ənənələri barədə geniş məlumat verilib, qədim xalçaçılıq sənətinin incəliklərindən bəhs olunub. Xalqımızın çoxəsrlik mədəni irsini yaşadan müxtəlif elementlər nümayiş etdirilib, adət-ənənələrimizi və milli-mənəvi dəyərlərimizi əks etdirən dekorativ atributlar sərgilənib.
Eyni zamanda qonaqlar milli mətbəximizin ləziz təamlarından dadmaq imkanı əldə ediblər. Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olublar.
Nümayiş olunan eksponatlar və verilən məlumatlar vasitəsilə ziyarətçilərdə ölkəmiz haqqında ilkin təəssüratlar formalaşıb.
Tədbir xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunması, Azərbaycan həqiqətlərinin və zəngin mədəni irsinin beynəlxalq müstəvidə təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.
Foto qalereya
Digər xəbərlər
