Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Diaspor Komitəsində olub
3 iyun, 2026
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat verib və əlavə edib ki: “Polşadakı Azərbaycan diasporunun fəaliyyəti xalqımızın zəngin tarixi-mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasına xidmət etməklə yanaşı, Azərbaycan və Polşa xalqları arasında dostluq münasibətlərinin inkişafına, mədəni dialoqun genişlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə təşviqinə əlverişli zəmin yaradır”.
Səfir Pavel Radomski səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, Polşadakı Azərbaycan icmasının ölkənin ictimai-mədəni həyatında yaxından iştirakını və cəmiyyətə inteqrasiyasını yüksək qiymətləndirib. Səfir Azərbaycan diasporunun həyata keçirdiyi layihə və təşəbbüslərin ölkələrimiz arasında qarşılıqlı etimada xidmət etdiyini vurğulayıb.
Komitənin Azərbaycandakı polyak icmasının nümayəndələri ilə görüşün keçirilməsi barədə təşəbbüsü xüsusi maraqla qarşılanıb. Qeyd olunub ki, bu cür təmaslar Azərbaycan və Polşa xalqları arasında anlaşmanın dərinləşməsinə, mədəni əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Görüş zamanı səfirlə Polşa ədəbiyyatının Azərbaycanda daha geniş tanıdılması istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu çərçivədə müştərək mədəni layihələrin təşkili, eləcə də Azərbaycan və Polşa ədəbi dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Foto qalereya
Digər xəbərlər
