Berlində Müstəqillik Gününə həsr olunan dərslər keçirilib
5 iyun, 2026
Almaniyanın paytaxtı Berlində yerləşən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu Azərbaycan dili məktəbində xalqımızın ən şanlı səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə dərslər keçirilib.
Dərslər həm azyaşlı, həm də böyük qrup şagirdlərin iştirakı ilə yüksək vətənpərvərlik ruhunda təşkil olunub.
Azyaşlı şagirdlər dərslərdə dövlət rəmzlərimizlə yaxından tanış olublar. Onlar üçrəngli bayrağımızın təsvirini böyük həvəslə kağız üzərinə köçürərək öz əl işlərini nümayiş etdiriblər. Böyük qrup şagirdləri isə şanlı tariximizə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma prosesinə və onun qurucularının şərəfli həyat və mübarizə yoluna həsr olunan video materialları izləyiblər. Gənclərimiz Cümhuriyyətin görkəmli şəxsiyyətləri haqqında hazırladıqları fərdi təqdimatlarla çıxış edərək müstəqilliyimizin təməl daşlarını bir daha dərindən öyrəniblər.
Soydaşlarımızın aktiv iştirakı ilə keçirilən dərslər milli-mənəvi dəyərlərimizin qorunmasına, gənclərin milli kimlik şüurunun möhkəmlənməsinə və diaspor gəncləri arasında həmrəyliyin daha da güclənməsinə töhfə verib.
Foto qalereya
Digər xəbərlər
