Diaspor təşkilatları İtaliya hökumətini və xalqını təbrik edib
5 iyun, 2026
İtaliyadakı Azərbaycan diaspor təşkilatları İtaliya hökumətini və xalqını 2 İyun – Respublika Günü münasibətilə təbrik edib.
Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasovun İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya ünvanladığı rəsmi təbrik məktubunda bu əlamətdar günün demokratiya, azadlıq, birlik və həmrəylik kimi ali dəyərləri təcəssüm etdirdiyi vurğulanıb. Azərbaycan və İtaliyanın mədəniyyət, təhsil, iqtisadiyyat, enerji və turizm sahələrində möhkəm və səmərəli tərəfdaşlıq əlaqələrindən bəhs olunub. Eyni zamanda, İtaliyadakı azərbaycanlı icmasının iki xalq arasında mədəni körpülərin yaradılmasında və qarşılıqlı anlaşmanın, dostluğun möhkəmləndirilməsində əvəzsiz rol oynadığı diqqətə çatdırılıb.
Milandakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Milan üzrə koordinatoru Fidan Abdullazadənin İtaliya xalqına və dövlət qurumlarına ünvanladığı təbrikdə isə ölkənin milli birlik və azadlıq dəyərləri yüksək qiymətləndirilib. Azərbaycan və İtaliyanın möhkəm dostluq münasibətlərindən, xalqları daha da yaxınlaşdıran mədəni dialoqdan məmnunluq ifadə edilib.
Təbriklərdə İtaliya Respublikasına və xalqına davamlı sülh, tərəqqi, firavanlıq və uğurlar arzulanıb.
Foto qalereya
Digər xəbərlər
