Parisdə uşaqların yaradıcılığı ilə Azərbaycanı tanıdan sərgi
26 oktyabr, 2026
Fransanın paytaxtı Parisdə “Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib. Sərgi Parisdə yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının və “Little Artists” Rəssamlıq Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə “Little Artists” Rəssamlıq Məktəbinin 39-cu “Paris Art Shopping” beynəlxalq incəsənət sərgisində iştirak edən 53 gənc rəssamın əsərləri yer alıb. Vətən sevgisini, milli-mədəni dəyərləri, təbiətin füsunkarlığını və uşaqların zəngin təxəyyülünü əks etdirən rəsmlər ziyarətçilərin böyük marağına səbəb olub.
Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva sərgini ziyarət edərək, burada azərbaycanlı uşaqların yaradıcılıq işlərini görməkdən məmnunluğunu bildirib. Onların əsərlərinin Azərbaycan mədəniyyətini, milli dəyərlərini və uşaqların zəngin yaradıcılıq dünyasını özündə əks etdirdiyini söyləyib.
Daha sonra “Little Artists” Rəssamlıq Məktəbinin rəhbəri Nigar Seyid iştirakçı uşaqlara sertifikatlar təqdim edib.
Tədbirin yaddaqalan məqamlarından biri də uşaqların iştirakı ilə hazırlanan mədəniyyət proqramı olub. Balaca istedadlar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası əsasında səhnələşdirilən tamaşanı təqdim ediblər. Azərbaycan, ingilis və fransız dillərində ifa olunan səhnəcik uşaqların yaradıcılıq qabiliyyətini, dil biliklərini nümayiş etdirib və xüsusi maraq doğurub.
Foto qalereya
Digər xəbərlər
