Pakistan, Mərakeş və Misirdə şəhidlərimizin əziz xatirəsi anılıb

28 sentyabr, 2026

Pakistan, Mərakeş və Misirdə şəhidlərimizin əziz xatirəsi anılıb

27 Sentyabr – Anım Günündə Pakistan, Mərakeş və Misirdə şəhidlərimizin əziz xatirəsi anılıb.

Pakistanın İslamabad şəhərindəki Milli Müasir Dillər Universitetində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Aynur Salmanovanın təşkilatçılığı ilə baş tutan tədbirə universitet rəhbərliyi, müəllim və tələbə heyəti qatılıb. Anım mərasimində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunan videoçarx və stend nümayiş etdirilib. Təqdim olunan materiallarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər, eləcə də Vətən müharibəsinin gedişi və nəticələri barədə ətraflı məlumatlar yer alıb. Universitet ictimaiyyətinin böyük marağı ilə qarşılanan tədbirdə Anım Gününün mahiyyəti, Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığı və Azərbaycan-Pakistan dostluğunun önəmi diqqətə çatdırılıb.

Mərakeşin paytaxtı Rabatda isə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi və Mərakeş–Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib. İştirakçılara 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə məlumat təqdim olunub.

Misir Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü, Asiya məsələləri üzrə tədqiqatçı Əhməd Abdu Tarabekin Misirin “Minbar əl-Təhrir” nəşrində Azərbaycanın 27 Sentyabr – Anım Günü və Vətən müharibəsinin altıncı ildönümünə həsr olunmuş məqaləsi dərc edilib. Məqalədə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu vurğulanıb. Müəllif BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edərək, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində əhəmiyyətini diqqətə çatdırıb. Yazıda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafı barədə məlumat verilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://menbareltahrir.com/أذربيجان-والذكرى-السادسة-لحرب-التحرير-بقلم-أحمد-عبده-طرابيك?fbclid=IwdGRzaAUlvBxjbGNrBSW762V4dG4DYWVtAjExAHBkb2YFc3J0YwZhcHBfaWQMMzUwNjg1NTMxNzI4AAEeet48wJ2YUEQwhvjmEogns2U5NOU73PSZKoqDTPRLB_pOa6-RK9xsKt4Cn2g_aem_YLBSHm1bCmdChlelypptuw&sfnsn=scwspwa

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər