Osloda Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

2 iyun, 2026

Osloda Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

Norveçin paytaxtı Osloda 28 May – Müstəqillik Gününə həsr olunan musiqili tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə baş tutub.

Həftəsonu Azərbaycan dili məktəbinin müəllimi və koordinatoru Günay Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik ənənələrindən və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.

Tədbirdə Azərbaycanın zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini əks etdirən sərgi təşkil olunub. Sərgidə nümayiş olunan kəlağayı nümunələri, milli atributlar və digər mədəni eksponatlar ziyarətçilərin xüsusi marağına səbəb olub. Hər bir eksponat Azərbaycan mədəniyyətinin dərin köklərini və milli kimliyimizi əks etdirib.

Tədbirin bədii hissəsində kamança ifaçısı Şəbnəm Abdullayeva milli musiqilərimizi səsləndirib. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Arvin Balanji pianoda ifa etdiyi əsərlərlə tədbirin mənəvi zənginliyini artırıb. Bəstəkar-pianoçu Arzu Rzayeva isə öz müəllifi olduğu musiqi parçaları ilə proqramı daha da zənginləşdirib. Xanəndə Aytən Xakzadın ifasında muğam və xalq musiqiləri alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin rəqqaslar Əzizə İbrahimova və Səid İbrahimov Azərbaycan milli rəqslərini nümayiş etdiriblər. Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri 28 May – Müstəqillik Gününə, Vətənə və dövlətçilik dəyərlərinə həsr olunan şeirlər söyləyiblər.

Tədbir Azərbaycanın müstəqillik tarixini, milli-mədəni irsini və dövlətçilik ənənələrini daha geniş auditoriyaya tanıtmaq, eləcə də gənc nəsillərdə milli şüur və vətənpərvərlik hissini gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər