Oslo Azərbaycan Evində şahmat turniri keçirilib
12 iyun, 2026
Oslo Azərbaycan Evində Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) 20 illik yubileyinə həsr olunan şahmat turniri keçirilib. Müxtəlif yaş qruplarını təmsil edən 16 uşaq və gəncin qatıldığı yarış böyük maraq, yüksək rəqabət və əsl idman ruhu şəraitində keçib.
Turnir yalnız yarış xarakteri daşımayıb, eyni zamanda iştirakçıların bir-birini daha yaxından tanımasına, dostluq münasibətlərinin möhkəmlənməsinə və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verib.
Gərgin və maraqlı qarşılaşmaların nəticələrinə əsasən, Mirana Bədəlova turnirin qalibi olub. Ənvər Ramberg ikinci, Arvin Balanji isə üçüncü yeri tutub. Qaliblər kubok və hədiyyələrlə, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.
NAYO-nun təşkilatçılığı ilə həftəsonları keçirilən şahmat kursunun müəllimi Kabir Bədəlov qalibləri təbrik edərək, şahmatın gənclərin intellektual potensialının inkişafında mühüm rol oynadığını vurğulayıb.
İştirakçılar turnirin yüksək səviyyədə təşkilinə görə NAYO rəhbərliyinə və şahmat kursunun müəlliminə təşəkkürlərini bildiriblər. Bu kimi intellektual yarışların gənc nəslin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər.
Foto qalereya
Digər xəbərlər
