Omanda soydaşımızın təşkilatçılığı ilə uşaq və yeniyetmələrin konserti olub
24 iyun, 2026
Oman Sultanlığının tarixi və mədəni irsinin qorunması və təbliği sahəsində mühüm rol oynayan Oman Milli Muzeyində “Kiçiklər” (“Junior”) və “Birlik” (“Unity”) adlı konsert proqramları təşkil olunub.
“BP” şirkətinin dəstəyi və Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman üzrə koordinatoru Səidə Xəlilovanın təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdə Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, fəxri qonaqlar, eləcə də Oman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Hesabat xarakteri daşıyan konsert proqramlarında Səidə Xəlilovanın həmtəsisçisi olduğu “Musiqi və İncəsənət üzrə Kral Konservatoriyası”nın (“Royal Conservatory of Music and Art”) müxtəlif xalqların nümayəndələrindən ibarət şagird kollektivi dünya musiqi irsinin seçilmiş nümunələrini, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla təqdim edib. Uşaq və yeniyetmə ifaçıların səsləndirdiyi musiqi nömrələri tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanıb.
Təşkilatçılar Oman Milli Muzeyinin rəhbərliyinə və kollektivinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirib, bu qəbildən olan layihələrin gələcəkdə də həyata keçirilməsinin beynəlxalq mədəni əlaqələrin genişlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edəcəyini vurğulayıblar.
Foto qalereya
Digər xəbərlər
