Nyu Yorkdakı yəhudi icması Azərbaycanın Müstəqillik Gününü qeyd edib

4 iyun, 2026

Nyu Yorkdakı yəhudi icması Azərbaycanın Müstəqillik Gününü qeyd edib

ABŞ-nin Nyu York şəhərində 28 May – Müstəqillik Gününə həsr edilən tədbir keçirilib. Tədbir Nyu Yorkdakı Azərbaycan Yəhudi İcması və “Amerikadakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramovun birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət himnləri səsləndirilib.

Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan əsilli gənclər təşkilatının üzvü Fərid Axundov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının dövlətçilik tariximizin mühüm mərhələlərindən biri olduğunu vurğulayıb..

İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, “Azİz” Assosiasiyasının vitse-prezidenti və diaspor fəalı Yeganə Salman Azərbaycan xalqını Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə təbrik edib. Daha sonra İsraildə nəşr olunan “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabı barədə məlumat verib. Bildirib ki, kitabda Ümummilli Lider Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də Azərbaycanın müstəqillik illərində yürütdüyü uğurlu siyasət nəticəsində ölkənin yəhudi icmasının ictimai, elmi və mədəni həyatdakı fəaliyyətindən geniş şəkildə bəhs olunub. Nəşrdə Azərbaycandakı yəhudi mənşəli ziyalıların, alimlərin, sənətkarların və ictimai xadimlərin bioqrafik məlumatları toplanıb.

Tədbirdə, həmçinin azərbaycanlı rejissor Rüfət Əsədovun “Sevgimizin yolları” adlı sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycan və İsrail xalqları arasında dostluq və tolerantlıq münasibətlərindən bəhs edilib. Ekran əsərində müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanın multikultural mühitində birgəyaşayışı, həmçinin fərqli millətlərə mənsub Mixail və Yeganə Salmanların sevgi hekayəsi yer alıb. “Sholumi Mərkəzi”nin istehsalı olan ekran əsərinin prodüseri Şaul Siman-Tovdur.

Tədbir Azərbaycan xalqının müstəqillik ənənələrinə, multikultural dəyərlərinə və Azərbaycan-İsrail dostluq münasibətlərinə dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər