Niderlandda Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb
13 may, 2026
Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Niderlandın Rotterdam şəhərində tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin və Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyətin zəngin dövlətçilik irsini və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.
Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi, habelə milli maraqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib. Diplomat bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub, mühüm iqtisadi islahatlara başlanılıb və güclü milli ordu quruculuğunun əsası qoyulub.
Tədbirdə Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrinin bütün dünya azərbaycanlıları üçün milli qürur və vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunduğu, ölkəmizin regional liderə və qüdrətli dövlətə çevrildiyi qürurla səsləndirilib.
Daha sonra Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanması və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb, dahi liderin zəngin dövlətçilik irsinin gələcək nəsillər üçün daim örnək olaraq qalacağını bildirib.
Tədbir Fransada yaşayan azərbaycanlı musiqiçilər - fleyta ifaçısı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadənin birgə yaratdığı “Duo Avey” musiqi qrupunun ifaları ilə davam edib. Ulu Öndərin sevdiyi və ona həsr olunan musiqilərin səsləndirilməsi böyük maraq və alqışlarla qarşılanıb.
Foto qalereya
Digər xəbərlər
