Monqolustan mediasında Xocalı soyqırımından bəhs edilib
2 mart, 2023
Monqolustanın https://www.zindaa.mn xəbər saytında “Dünyada Xocalı faciəsini xatırlayırlar” sərlövhəli məqalə yerləşdirilib.
M.Suqar-Erdenenin qələmə aldığı məqalədə bildirilib ki, Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir.
Qeyd edilib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyev verib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Xalqımızın ulu öndəri 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.
2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası başlayıb.
Azərbaycan xalqının heç bir zaman Xocalı soyqırımının unudulmasına yol verməyəcəyini vurğulayan müəllif xatırladıb ki, Monqolustan xalqı da faciə zamanı azərbaycanlıların kədərinə şərik olub, dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, məqalə Ulan Batorda yaşayan Azərbaycan diasporunun fəal üzvü Faiq Agayevin təşəbbüsü ilə ərsəyə gəlib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.zindaa.mn/4ipi
Foto qalereya
Digər xəbərlər
