İğdırda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb
14 may, 2026
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına liseydə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbir lisey rəhbərliyi və Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) “İğdır Azərbaycan Evi” Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Liseyin müəllim və şagirdlərinin hazırladığı proqramda iştirakçılara Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin inkişafındakı tarixi xidmətləri barədə ətraflı məlumat verilib.
Şagirdlər Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirib, onun həyat və fəaliyyətinə dair inşa nümunələri təqdim ediblər.
Tədbirdə çıxış edən “İğdır Azərbaycan Evi” Dərnəyinin rəhbəri və TADDEF sədrinin müavini Serdar Ünsal müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin inkişafındakı müstəsna rolundan, Türk dünyasında həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrdən danışıb. O, Heydər Əliyev ilə Mustafa Kamal Atatürk arasında tarixi paralellər apararaq, hər iki liderin öz ölkəsinin müstəqilliyini və dövlətçiliyini qoruduğunu xatırladıb. Prezident İlham Əliyevin Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini, Qarabağı işğaldan azad etdiyini diqqətə çatdırıb.
Liseyin direktoru Yavuz Bağcı çıxışında dahi şəxsiyyət Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyətli liderliyi sayəsində Azərbaycanın mürəkkəb tarixi dövrdə dövlət müstəqilliyini qoruyub saxladığını vurğulayıb. O həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi layihəsini nümunə göstərib, bu strateji təşəbbüsün Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini söyləyib. “Bu gün Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, onun adını daşıyan təhsil ocağının direktoru olmaqdan böyük qürur duyuram”, – deyə o bildirib.
Foto qalereya
Digər xəbərlər
