Moldova azərbaycanlıları Anım Günündə şəhidlərin xatirəsini yad ediblər

28 sentyabr, 2026

Moldova azərbaycanlıları Anım Günündə şəhidlərin xatirəsini yad ediblər

Dünya azərbaycanlıları 27 Sentyabr – Anım Gününü şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram, minnətdarlıq və Vətənə sevgi hissləri ilə qeyd edir, bununla bağlı bəyanatlar yayırlar.

Bu münasibətlə Moldovanın paytaxtı Kişineuda anım tədbiri keçirilib.  Mərasim Vətən müharibəsinə həsr olunan barelyef önünə əklilin qoyulması ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən və Azərbaycanın ərazi bütövlüyünün bərpasından danışıb. O, 27 Sentyabr – Anım Gününün şəhidlərə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, xalqımızın milli həmrəyliyini əks etdirdiyini diqqətə çatdırıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbə ilə başa çatdığını bildirib. O, Azərbaycanın əsgər və zabitlərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq və şücaətin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.

Digər çıxışçılar şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılması və xaricdə yaşayan azərbaycanlıların milli yaddaşın qorunmasında fəal iştirakını xüsusi vurğulayıblar.

Tədbir Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə yekunlaşıb.

Bununla yanaşı, Moldova Azərbaycanlıları Konqresi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsinə ehtiram ifadə olunub. Konqres, həmçinin beynəlxalq hüquqa əsaslanan davamlı və sabit sülhün bərqərar olmasına dəstəyini bildirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər