Misirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
13 may, 2026
Misir Ərəb Respublikasının Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Hüsam Əbdülfəttah, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov, əl-Qanatır əl-Xeyriyyə şəhərinin meri Əbdüləzim Səid, Misir Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov, diaspor nümayəndələri, yerli mətbuat təmsilçiləri və ziyalılar iştirak ediblər.
Qalyubiyyə vilayətinin qubernatoru Hüsam Əbdülfəttah bugünkü görüşün Qalyubiyyə ilə Azərbaycanın Abşeron rayonu arasında qardaşlıq əlaqələrinin təcəssümü olduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə yüksək ehtiramını ifadə edən qubernator onun dövlət quruculuğu sahəsində dünya miqyasında tanınan şəxsiyyətlərdən olduğunu bildirib.
Səfir Elxan Poluxov Qalyubiyyə vilayətinin rəhbərliyinin Misir-Azərbaycan Dostluq Parkına göstərdiyi diqqəti yüksək qiymətləndirib. Diplomat vurğulayıb ki, Azərbaycan-Misir əlaqələrinin təməli 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ikitərəfli münasibətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənir və inkişaf edir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin parkdakı abidəsi önünə əklil və tər çiçəklər qoyulub.
Foto qalereya
Digər xəbərlər
