Əlcəzairdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
13 may, 2026
Azərbaycanın Əlcəzairdəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Əlcəzairdə yaşayan soydaşlarımız qatılıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıb. Diplomat qeyd edib ki, Heydər Əliyev xalqımızın tarixində müstəsna rol oynayan böyük dövlət xadimi və müstəqil Azərbaycanın memarıdır.
Əlcəzairdəki Azərbaycan diasporunun nümayəndəsi Xumar Nəbiyeva Ümummilli Lider Heydər Əliyevin mədəniyyət, təhsil və səhiyyə sahələrində həyata keçirdiyi islahatlardan danışıb. O, Ulu Öndərin SSRİ dövründə azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar yaratdığını, həmçinin xaricdə yaşayan soydaşlarımızla işin gücləndirilməsi məqsədilə xüsusi dövlət qurumunun formalaşdırılmasına böyük önəm verdiyini xatırladıb.
Tədbir çərçivəsində iştirakçılar Ümummilli Liderə həsr olunan fotosərgiyə baxış keçirib, onun həyat və fəaliyyətindən bəhs edən sənədli filmi izləyiblər.
Foto qalereya
Digər xəbərlər
