Milli rəqslərimiz Toronto Müxtəliflik Festivalına rəng qatıb
12 avqust, 2026
Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Toronto Müxtəliflik Festivalında iştirak edib.
Multikulturalizm, dünya xalqlarının musiqi və incəsənətinin təbliğinə həsr olunan festivalda milli rəqslərimiz nümayiş olunub. Həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun bədii rəhbərliyi ilə səhnəyə çıxan şagirdlərin ifası böyük maraq və alqışlarla qarşılanıb. Gənc soydaşlarımızın çıxışı Azərbaycanın mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Festival zamanı Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova müxtəlif icmaların nümayəndələri ilə görüşərək Azərbaycan mədəniyyəti, milli dəyərlər və Kanadadakı Azərbaycan icmasının fəaliyyəti barədə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 2023-ci ilin sentyabr ayından fəaliyyətə başlayan “Mənim Azərbaycanım” həftəsonu məktəbinə dəstək göstərir. Məktəbin şagirdləri Azərbaycanın zəngin tarixinin və milli-mənəvi dəyərlərinin qorunması, ölkəmizin mədəniyyətinin tanıdılması məqsədilə müxtəlif tədbirlər keçirir, beynəlxalq festivallarda iştirak edirlər.
Foto qalereya
Digər xəbərlər
