Marneulidə Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

17 iyun, 2026

Marneulidə Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşdan Zəfərə” adlı rəsm sərgisi və “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiya keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil Agentliyinin nümayəndələri, “Azərbaycanda təhsil” (“Study in Azerbaijan”) layihəsinin əməkdaşları, eləcə də GAİM-in müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və ölkənin davamlı inkişaf yoluna çıxmasındakı müstəsna rolu vurğulanıb.

Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin ölkədə hökm sürən böhran və xaosu uzaqgörən siyasəti nəticəsində aradan qaldırdığını, Azərbaycanın inkişafının möhkəm təməlini qoyduğunu diqqətə çatdırıb. Bu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, ölkənin beynəlxalq nüfuzunun isə getdikcə daha da artdığı bildirilib.

Tədbirdə GAİM-in rəsm müəlliməsi Xəyalə Mustafayevanın əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Gənclərin böyük marağına səbəb olan sərgidə təqdim olunan əsərlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği və vətənpərvərlik dəyərlərinin aşılanması baxımından xüsusi önəm daşıyıb.

Daha sonra “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiya keçirilib. İnfosessiyada Azərbaycanın ali təhsil sistemi, təhsil proqramları və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər