Marneulidə məşhur pəhləvan Rəşid Yusifova həsr olunmuş turnir təşkil edilib
4 dekabr, 2023
Gürcüstanın Marneuli şəhərində XX əsrin məşhur pəhləvanı Rəşid Yusifovun xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə Marneuli açıq çempionatı keçirilib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə baş tutan yarışda Gürcüstan və Azərbaycanı təmsil edən 7 komanda iştirak edib.
Yarış iştirakçılarını salamlayan GAİM-in icraçı direktoru Murad Muradov ötən əsrin əvvəlində Borçalı mahalının (indiki Marneuli rayonu) Gorarxı kəndində dünyaya göz açmış Rəşid Yusifovun ömür yolu və Azərbaycan SSR xalq artistinə layiq görülməsi ilə nəticələnən idmançı fəaliyyəti barədə ətraflı məlumat verib. Xalqımızın qürur mənbəyinə çevrilmiş dünya şöhrətli idmançıların unudulmaması, tarixi nailiyyətlərimizin gənc nəsillərə ötürülməsi, Yunan-Roma güləşinin inkişafı və gənc pəhləvanlarımızın yetişməsi baxımından bu cür yarışların böyük önəm daşıdığını vurğulayıb.
Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsindən sonra yarışa start verilib.
Gərgin mübarizə şəraitində, 12 çəki və 2 yaş kateqoriyası üzrə keçirilən turnirdə “GAİM”, “Azərbaycan”, “Tbilisi”, “Tbilisi 2”, “Qori”, “Mtsxeta”, “Xaşuri” komandaları yarışıblar. GAİM komandası birinci yeri, “Azərbaycan” ikinci yeri, “Mtsxeta” isə üçüncü yeri tutub.
Qaliblərə sertifikatlar və medallar təqdim olunub.
Foto qalereya
Digər xəbərlər
