LuxAz beynəlxalq platformada diaspor fəaliyyətini genişləndirir
24 aprel, 2026
Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası (LuxAz) Lüksemburqun Xarici Assosiasiyaların Əlaqələndirmə Komitəsinə (“CLAE Services” a.s.b.l.) rəsmi üzv seçilib.
LuxAz-ın bu nüfuzlu platformada təmsil olunması Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin və zəngin irsimizin daha geniş auditoriyalara çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu üzvlük Azərbaycan diasporunun Lüksemburqda daha təşkilatlanmış şəkildə fəaliyyət göstərməsinə, soydaşlarımızın ictimai həyatda aktiv iştirakına və milli maraqlarımızın daha effektiv şəkildə təbliğinə mühüm töhfə verir.
Assosiasiya, həmçinin müxtəlif mədəni, sosial və ictimai təşəbbüslərdə daha geniş şəkildə təmsil olunmaqla yanaşı, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini gücləndirmək, yeni layihələrə qoşulmaq və ortaq təşəbbüslər irəli sürmək imkanı əldə edib.
Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası, həmçinin üzv olduğu CLAE təşkilatının hər il ənənəvi olaraq keçirdiyi “Miqrasiya Festivalı”nda (Festival des Migrations) bu il ilk dəfə iştirak edib. Festivalda ölkəmizin zəngin mədəni irsinin, milli mətbəxinin, incəsənətinin və turizm potensialının geniş şəkildə nümayişi ziyarətçilərin xüsusi marağına səbəb olub.
Məlumat üçün bildirək ki, Xarici Assosiasiyaların Əlaqələndirmə Komitəsi (“CLAE Services” a.s.b.l.) fərqli mədəniyyətlərdən olan icmaların yerli cəmiyyətə uyğunlaşmasının və cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və assosiasiyalararası əməkdaşlığın gücləndirilməsi sahəsində ixtisaslaşmış əsas təşkilatlardan biridir.
Digər xəbərlər
