Koreyanın Xarici İşlər Nazirliyində və Milli Assambleyasında görüşlər keçirilib
31 may, 2023Koreya Respublikasında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya xarici işlər nazirinin xaricdə yaşayan koreyalılarla iş və konsulluq məsələləri üzrə müavini Choi Yeonghan ilə görüşüb.
Görüş zamanı Komitə sədri Azərbaycan və Koreya arasında münasibətlərin perspektivləri, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Azərbaycan icmasının Koreya cəmiyyətinə inteqrasiyası, gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşüb. O, eyni zamanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor siyasəti və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri haqqında nazir müavinini məlumatlandırıb.
Choi Yeonghan öz növbəsində Komitə sədrini salamlayaraq, Koreyaya səfərini yüksək dəyərləndirdiyini bildirib. O, Cənubi Qafqaz ölkələrinin sülh və sabitlik şəraitində yaşamasının, eyni zamanda Azərbaycanın regionda üzləşdiyi problemlərə çağırışlarının sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib. Nazir müavini Koreyada yaşayan və təhsil alan azərbaycanlıların aktiv fəaliyyətinin ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəklərini ifadə edib, xaricdə yaşayan koreyalıların məsələləri üzrə məsul dövlət qurumunun Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə mümkün əməkdaşlığını və təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Komitə sədrinin növbəti görüşü Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri So Byonq Su ilə olub. Dostluq qrupunun rəhbəri Komitə sədrinin səfərindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin 25 ildən artıq bir tarixə malik olduğunu, bu səfərin ölkələr arasında ikitərəfli münasibətlərə yeni imkanlar yaradacağını söyləyib.
Görüşə görə minnətdarlığını bildirən sədr Fuad Muradov ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, eyni zamanda milli kimliklərini qoruması, azərbaycanlı tələbələrin Koreyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini söyləyib.
Görüşdə müxtəlif istiqamətlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Foto qalereya
Digər xəbərlər