Koreya Respublikasında yaşayan soydaşımız fəxri mükafata layiq görülüb

2 iyun, 2026

Koreya Respublikasında yaşayan soydaşımız fəxri mükafata layiq görülüb

Koreya Respublikasında yaşayan soydaşımız Rahil Əhmədova bu ölkənin Ədliyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Mükafat ona Seul şəhərində keçirilən 19-cu “Together Day” – “Dünya İnsanları Günü” mərasimində Koreyanın ədliyyə naziri Cunq Sunq-ho tərəfindən təqdim edilib.

Rahil Əhmədovanın orada yaşayan xarici vətəndaşların yerli cəmiyyətə inteqrasiyası, mədəniyyətlərarası dialoqun inkişafı və Koreya ilə dünya arasında körpü rolunu oynayan fəaliyyətini bu ölkənin Ədliyyə Nazirliyi yüksək qiymətləndirib.

Soydaşımız bu mükafata layiq görülməsini böyük qürur və məsuliyyət kimi dəyərləndirib: “18 il əvvəl Koreyaya gəldiyim zaman dil və mədəniyyət mənim üçün yad idi. Bu gün isə Koreya həyatımın mühüm bir hissəsinə və ikinci vətənimə çevrilib. Bu mükafat yalnız mənim deyil, Koreyada yaşayan bütün xaricilərin və müxtəlifliyin dəyərinin tanınmasıdır. Bir azərbaycanlı olaraq ölkəmin adını Koreyada layiqincə təmsil edə bildiyim üçün qürur duyuram”, - deyə o bildirib.

Qeyd edək ki, uzun illərdir Koreyada yaşayan azərbaycanlı iş qadını, “Korever” şirkətinin rəhbəri Rahil Əhmədova multikultural cəmiyyətin təşviqi, miqrantların inteqrasiyası və Koreya ilə digər ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. O həmçinin Seul şəhərinin fəxri vətəndaşı, mədəni müxtəliflik üzrə mühazirəçi və Koreyanın Ədliyyə Nazirliyində xarici vətəndaşlar üzrə məsləhətçidir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər