Komitə sədri azərbaycanlı mədəniyyət nümayəndələri ilə görüşüb

23 iyul, 2026

Komitə sədri azərbaycanlı mədəniyyət nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyada yaşayan soydaşımız, Xalq rəssamı Əşrəf Heybətov və İrlandiyada fəaliyyət göstərən azərbaycanlı musiqiçi, Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının sədri Əşrəf Tağıyevlə görüşüb.

Görüşdə Almaniya və İrlandiyada Azərbaycan mədəniyyətinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və təşviqi, xaricdə yaşayan soydaşlarımızın bu sahədə gördüyü işlər, eləcə də yaxın perspektivdə mədəni və diaspor sahəsində həyata keçiriləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qonaqları səmimi salamlayan komitə sədri xaricdəki Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olduğunu vurğulayıb. Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib, mədəniyyət xadimlərimizin gördüyü işlərin ölkəmizin müsbət imicinin möhkəmləndirilməsinə və diaspor fəaliyyətinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Görüşdə, həmçinin xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qorumaq, onları vahid platformada birləşdirmək məqsədilə dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə görülən işlərin uğurlu nəticələrindən danışılıb.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması, Azərbaycan mədəniyyətinin, incəsənətinin və zəngin tarixi irsinin Avropa ictimaiyyətinə daha geniş tanıdılması, eləcə də diaspor fəaliyyətinin daha səmərəli təşkili istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini bildiriblər. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mədəni diplomatiyanın imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyətini vurğulayıblar. Soydaşlarımıza göstərilən davamlı diqqət və dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.

Görüş Avropada Azərbaycan mədəniyyətinin daha geniş təbliği, gənclərin diaspor fəaliyyətinə fəal cəlb olunması, mədəni diplomatiyanın inkişafı və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər