Feridun Həmdullahpur Kanada Azərbaycan Evinin qonağı olub
23 iyul, 2026
Xaricdəki Azərbaycan Evləri ölkəmizin zəngin mədəni irsini, qədim tarixini və milli-mənəvi dəyərlərini tanıtmaqla yanaşı, Azərbaycana dost münasibət bəsləyən icmalarla, rəsmi şəxslərlə və diaspor nümayəndələri ilə görüş yeridir. Belə görüşlərdən biri də Kanada Kral Cəmiyyətinin və Kanada Mühəndislik Akademiyasının üzvü, "Kanada” ordeni laureatı, professor Feridun Həmdullahpur ilə Kanada Azərbaycan Evində keçirilib.
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonağa Evin fəaliyyəti, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və multikultural dəyərlərin təşviqi istiqamətində həyata keçirilən layihələr barədə geniş məlumat verib. Evin nəzdindəki "Mənim Azərbaycanım" həftəsonu məktəbinin gənc nəslə ana dilinin, milli tariximizin və mədəniyyətimizin öyrədilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Professor Feridun Həmdullahpur Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirərək soydaşlarımızın fəallığını və milli-mədəni irsin qorunması istiqamətində gördüyü işləri təqdir edib. O, Azərbaycan diasporunun Kanadadakı müxtəlif icmalar və akademik dairələrlə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyinə toxunub, bu istiqamətdə həyata keçiriləcək birgə layihələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Toronto Universitetinin tələbələri və professor Yulduz Rəhimov da iştirak edib.
Qeyd edək ki, bu gün dünyanın 21 ölkəsində 33 Azərbaycan Evi fəaliyyət göstərir və hər bir evdə həftəsonu Azərbaycan məktəbi açılıb. Bu evlərdən biri də 2023-cü ilin aprel ayının 5-də fəaliyyətə başlayan Kanada Azərbaycan Evidir.
Digər xəbərlər
