Kanadada yaşayan soydaşımıza medal təqdim edilib
28 iyul, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadada fəaliyyət göstərən “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin rəhbəri Ceyhun Nəcəfovla görüşüb.
Qonağı salamlayan komitə sədri Kanadanın Alberta əyalətində soydaşlarımızın bir araya gəlməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğ olunması istiqamətində “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin gördüyü işləri yüksək qiymətləndirib. Xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Diaspor təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi baxımından nəzərdə tutulan layihələrlə maraqlanıb, Azərbaycan diasporunun gələcəkdə bu ölkədəki fəaliyyəti ilə bağlı tövsiyələr nəzərə çatdırılıb.
Görüşdə Ceyhun Nəcəfovun neft-qaz sənayesində 25 ildən artıq beynəlxalq iş təcrübəsinə malik olduğu xüsusi vurğulanıb. Bildirilib ki, o, peşəkar fəaliyyəti ərzində dünyanın aparıcı neft-servis şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb, neft-qaz texnologiyaları, eləcə də karbon emissiyalarının azaldılması istiqamətində mühüm layihələrə rəhbərlik edib.
Sonra Ceyhun Nəcəfova təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Ceyhun Nəcəfov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. Bundan sonra da ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun fəaliyyətinin daha mütəşəkkil təmin olunması naminə səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Ceyhun Nəcəfov Azərbaycan Dövlət Neft Akademiyasında Kimya Texnologiyası ixtisası üzrə magistr (1987–1993) və doktorantura (1994–1998) təhsili alıb. “Advanced Upstream Ltd.” şirkətində neft və qaz quyularının tamamlanması və quyu texnologiyaları sahəsində innovativ həllərin hazırlanmasına rəhbərlik edir. 2018-ci ildən etibarən ingilis dilinin öyrədilməsi üçün onlayn platforma olan “SpellQuiz” layihəsinin təsisçisidir. Bununla yanaşı, jurnalist fəaliyyəti ilə də məşğul olub, “Kül üstündə ocaq” (“Kostyor na pepelişe”) adlı povestin müəllifidir. Onun fəaliyyət coğrafiyası Kanada, Böyük Britaniya, ABŞ, Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Nigeriya daxil olmaqla bir sıra ölkələri əhatə edib. Kanada cəmiyyətində göstərdiyi xidmətlərə görə Kral III Çarlzın Tacqoyma Medalı ilə təltif olunub.
Foto qalereya
Digər xəbərlər
