Kanadada şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunub
1 oktyabr, 2026
Kanadada yaşayan soydaşlarımız 27 Sentyabr - Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediblər.
Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Anım tədbirində Vətən uğrunda canlarından keçən qəhrəmanlarımız dərin ehtiramla anılıb. Tədbirin xüsusi qonağı tarixçi-tədqiqatçı Fuad Axundov “Biz xatırlayırıq: Azərbaycanın Zəfərə aparan yolunun mühüm mərhələləri” mövzusunda çıxış edib, Azərbaycanın 1918-ci ildən 2020-ci ilə qədərki tarixinin vacib məqamlarından danışıb. Azərbaycan Evində şəhidlərimizin əziz xatirəsinə həsr olunan guşə yaradılıb. Guşədə qəhrəmanlarımızın şücaət və fədakarlığından bəhs edən məlumatlar gənc soydaşlarımızın böyük marağına səbəb olub.
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Dili Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Anım Gününün tarixi əhəmiyyətindən, xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylikdən danışılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı şanlı Zəfər Azərbaycanın çoxəsrlik tarixinə ən parlaq qələbələrdən biri kimi yazılıb.
Hamilton şəhərində fəaliyyət göstərən Azərbaycan dili sinfində Anım Gününə həsr olunan xüsusi dərs keçirilib. Azərbaycan dili müəllimi Aygün İsmayılova şagirdlərə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan mübarizə, 44 günlük Vətən müharibəsi, Qarabağın tarixi, eləcə də şəhidlərimizin qəhrəmanlığı barədə geniş məlumat verib.
Toronto Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbinin yeni tədris ilində ilk dərsi 27 Sentyabr - Anım Gününə həsr olunub. Məktəbin müəllimləri şagirdlərə şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, bu böyük qələbənin daim mahiyyətinin gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıblar. Şagirdlər torpaqlarımızın işğaldan azad olunması ilə bağlı fotoşəkillərin yer aldığı stendlə tanış olub, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Anım Günü ilə bağlı silsilə tədbirlər keçirir, Azərbaycanın tarixi həqiqətlərinin və milli dəyərlərinin gələcək nəsillərə çatdırılması, Vətən sevgisinin aşılanması istiqamətində səylərini davam etdirirlər.
Foto qalereya
Digər xəbərlər
