Kanadada Azərbaycan rəqsləri böyük maraqla izlənilib

12 iyun, 2026

Kanadada Azərbaycan rəqsləri böyük maraqla izlənilib

Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası (AzCAR) Saskaçevan əyalətində keçirilən və müxtəlif mədəniyyətlərin nümayiş olunduğu “Mozaika - Mədəniyyətlər Festivalı”nda iştirak edib.

Minlərlə ziyarətçinin qatıldığı festival müxtəlif icmalara öz ənənələrini, musiqisini, rəqslərini, mətbəxini və tarixini tanıtmaq imkanı yaradıb.

Festivalda qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Stendə yaxınlaşan qonaqlara ölkəmizin tarixi, mədəniyyəti və milli adət-ənənələri haqqında geniş məlumat verilib. Nümayiş olunan tarixi eksponatlar vasitəsilə ölkəmizin zəngin mədəni irsi tanıdılıb.

Festivalın bədii hissəsində Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası nəzdindəki rəqs qrupunun ifasında “Ağ Çiçəyim”, “Nəlbəki” və Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operettasından səhnələşdirilən rəqs nümunələri böyük maraqla izlənilib. Bununla yanaşı, Azərbaycanın ən sevilən və dərin köklərə malik xalq mahnılarından biri olan “Sarı Gəlin”in ifası alqışlarla qarşılanıb.

Festival Azərbaycanın zəngin mədəni irsini tanıtmaq, yeni dostluqlar qurmaq və müxtəlif icmalar arasında mədəni körpülər yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər