Kanadada Azərbaycan milli rəqsləri nümayiş olunub
31 avqust, 2026
Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası (AzCAR) “Mən Recayna Gününü sevirəm” (“I Love Regina Day”) adlı mədəni tədbirdə iştirak edib.
Recaynanın Victoria Parkında təşkil olunan tədbirdə AzCAR-ın uşaq və böyüklərdən ibarət rəqs qrupları milli rəqslərimizi nümayiş etdiriblər. “Arşın mal alan”, “Ağ çiçəyim” və “Nəlbəki” rəqslərinin ifası tədbir iştirakçılarının xüsusi marağına səbəb olub, izləyicilərə Azərbaycan musiqisi, milli rəqs ənənələri və zəngin mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıb.
Xüsusilə uşaqların Azərbaycan xalq rəqslərini Recayna kimi multikultural bir şəhərdə təqdim etməsi gənc nəslin milli mədəniyyətimizi yaşatmasının və gələcək nəsillərə ötürülməsinin gözəl nümunəsi sayılıb.
Məlumat üçün bildirək ki, 20 ildən artıqdır keçirilən “I Love Regina Day” Recaynada yaşayan müxtəlif xalqların öz mədəniyyətlərini, musiqilərini və adət-ənənələrini tanıtması üçün mühüm platforma rolunu oynayır.
Foto qalereya
Digər xəbərlər
