Kanada Azərbaycan Evində mədəni irsimizə həsr olunan görüş

24 aprel, 2026

Kanada Azərbaycan Evində mədəni irsimizə həsr olunan görüş

Kanada Azərbaycan Evində Fransada yaşayan azərbaycanlı rəssam, muğam ifaçısı Sahib Əsədli ilə görüş keçirilib.

Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonağı Kanadada görməkdən məmnunluğunu ifadə edib. O, Kanadadakı soydaşlarımızın milli kimliyimizin qorunmasında, Azərbaycan mədəniyyətinin yaşadılmasında Azərbaycan Evinin mühüm rol oynadığını vurğulayıb. Azərbaycan Evinin nəzdindəki “Mənim Azərbaycanım” həftəsonu məktəbində ana dilimizin öyrədilməsi, milli kimliyin formalaşdırılması istiqamətində mütəmadi tədbirlər keçirildiyini söyləyib.

Sahib Əsədli mədəniyyətimizin qorunması və beynəlxalq miqyasda təbliğində Azərbaycan Evlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib, Kanada Azərbaycan Evində yaradılan şəraitdən məmnunluğunu dilə gətirib. O, Azərbaycan Evinə rəsmlərlə zəngin “Rəng Ahəng” kitabını bağışlayıb.

Görüşdə Azərbaycan muğamlarından və xalq mahnılarından seçmə nümunələr səsləndirilib. Bəstəkar və pianoçu Əliheydər Mirzəbəyovun müşayiəti ilə Sahib Əsədlinin ifaları milli musiqimizin bənzərsiz zənginliyini nümayiş etdirib. Kanadadakı Azərbaycan icmasının fəal üzvlərindən olan Qardaşxan Əzizovun isə vətənpərvərlik ruhlu şeirləri zövqlə dinlənilib.

Qeyd edək ki, bu gün dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir və hər bir evdə həftəsonu Azərbaycan məktəbi açılıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki 100-ə yaxın həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər