İstanbulda Qlobal Diaspor Liderləri Zirvəsi keçirilib

14 avqust, 2026

İstanbulda Qlobal Diaspor Liderləri Zirvəsi keçirilib

İstanbulda Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Dünya Türk İş Şurasının (DTİK) təşkil olunan II DTİK Türkiyə Görüşü çərçivəsində Qlobal Diaspor Liderləri Zirvə görüşü keçirilib.

Tədbirin panel müzakirəsində diaspor siyasəti, Türk dünyasında diasporun artan rolu və iş dünyasının bu sahəyə verdiyi töhfələr geniş müzakirə olunub.

DEİK-in baş katibinin müavini Adem Yavuzun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin xarici işlər nazirinin müavini, nazirliyin Avropa İttifaqı ilə məsələlər üzrə sədri Mehmet Kemal Bozay, Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdülhadi Turus, Türkiyənin milli basketbolçusu və “Guler Legacy”nin təsisçisi Sinan Gülər iştirak ediblər.

Zirvə görüşünün əsas panellərinin birində çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev diasporun inkişafında ən mühüm amillərdən birinin insan kapitalı olduğunu vurğulayıb. O, Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi, milli-mənəvi və mədəni dəyərlərdən söz açaraq, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Bunun diaspor təşkilatları qarşısında da yeni vəzifələr qoyduğunu qeyd edib. Xaricdə fəaliyyət göstərən Azərbaycan və türk diasporlarının daha sıx əməkdaşlıq etməsinin, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyətindən danışıb. DTİK-in dünyanın müxtəlif ölkələrində yaşayan türk iş adamlarını, diaspor nümayəndələrini və ictimai fəallarını vahid əməkdaşlıq platformasında bir araya gətirməsinin əhəmiyyətindən bəhs edib. Bu cür platformaların yalnız iqtisadi əlaqələrin inkişafına deyil, eyni zamanda türk dünyasının diaspor potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini söyləyib. O, xüsusilə gənclərin proseslərə fəal cəlbinin, yeni nəsil diaspor liderlərinin yetişdirilməsinin və onların beynəlxalq platformalarda daha geniş təmsil olunmasının önəminə də diqqət çəkib.

Tədbir mövzu ətrafında fikir mübadilələri ilə davam edib. İştirakçılar öz təcrübələrini bölüşüb, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, yeni layihələrin işlənib hazırlanması, diaspor təşkilatları arasında əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər