İsrailin Afula şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

25 sentyabr, 2026

İsrailin Afula şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

İsrailin Afula şəhərində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Anım mərasimində Afula şəhərinin mer müavini Dmitri Bruk, Afula Bələdiyyəsinin Absorbsiya şöbəsinin rəhbəri İnna Okun, şəhər sakinləri, eləcə də ətraf yaşayış məntəqələrindən gələn qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları, torpaqlarımızın uzun illər işğal altında saxlanılmasının ağır nəticələri barədə ətraflı məlumat verib. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin xalqımızın tarixi Zəfəri olduğunu vurğulayıb.

Çıxışlarda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan müharibələrdə ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin də böyük qəhrəmanlıq göstərərək döyüşdükləri və şəhidlik zirvəsinə ucaldıqları diqqətə çatdırılıb.

İştirakçılara Azərbaycan, ivrit, ingilis və rus dillərində hazırlanmış, ölkəmizin tarixi, Qarabağ həqiqətləri və 27 Sentyabr – Anım Günü haqqında məlumatları əks etdirən bukletlər təqdim olunub.

Daha sonra Yerusəlim Musiqi Akademiyasının məzunu, müğənni Stas Davıdov Azərbaycan və cuhuri dillərində vətənpərvərlik və qəhrəmanlıq mahnıları, həmçinin İtaliya opera klassikasından məşhur ariyalar ifa edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər