İsraildə şəhidlərimizin əziz xatirəsi yad olunub
29 sentyabr, 2026
İsraildə fəaliyyət göstərən “Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası və Azərbaycan Mədəniyyət Mərkəzi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanatlar yayıblar.
Bəyanatlarda 2020-ci ilin sentyabrında baş vermiş 44 günlük Vətən müharibə zamanı həyatını itirən hərbçilərin və mülki şəxslərin xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinin göstərdiyi dözüm və fədakarlığa hörmət ifadə olunub.
Bildirilib ki, onilliklər boyu davam edən münaqişə çoxsaylı insan itkisinə, ağır humanitar fəsadlara və yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə səbəb olub. 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımının bu tarixin ən ağrılı səhifələrindən biri kimi Azərbaycan xalqının yaddaşına həkk olunduğu vurğulanıb.
Bəyanatlarda 27 Sentyabr – Anım Gününün Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad etmək, eləcə də müharibənin ağır nəticələrindən zərər çəkən ailələrə ehtiram göstərmək üçün mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, dialoq, humanitar əməkdaşlıq və qarşılıqlı anlaşma Cənubi Qafqazda davamlı sülhün təmin olunmasında mühüm rol oynayır.
Foto qalereya
Digər xəbərlər
