İsay Skvirski “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub

18 sentyabr, 2026

İsay Skvirski “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev İsraildəki Azərbaycan diasporunun fəal üzvü İsay Aronoviç Skvirskinin oğlu Vladimir Skvirskini qəbul edib.

Sədrin birinci müavini qonağı səmimi salamlayaraq, İsay Skvirskinin uzun illər İsraildə Azərbaycan diasporunun inkişafına verdiyi töhfələri, ölkəmizin tarixi həqiqətlərinin, zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyəti yüksək qiymətləndirib. Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın qorunması, diaspor quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində göstərdikləri xidmətlərə xüsusi önəm verdiyini qeyd edib. Bu baxımdan, “Diaspor fəaliyyətində xidmətə görə” medalının xaricdə yaşayan soydaşlarımızın Vətənə sədaqətinin, milli kimliyə bağlılığının və Azərbaycan naminə gördükləri işlərin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin ifadəsi olduğunu bildirib.

Görüşdə Azərbaycanın multikultural dəyərləri, tolerantlıq ənənələri, milli-mənəvi irsinin qorunması, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İsay Skvirskinin səhhəti ilə əlaqədar medalı şəxsən qəbul edə bilmədiyi nəzərə alınaraq, “Diaspor fəaliyyətində xidmətə görə” medalı oğlu Vladimir Skvirskiyə təqdim olunub.

Vladimir Skvirski atasına göstərilən yüksək etimada görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. O bu mükafatın ailələri üçün böyük mənəvi dəyər daşıdığını, eyni zamanda İsay Skvirskinin Azərbaycanla bağlı fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olduğunu bildirib.

Görüşdə, həmçinin Azərbaycan diasporunun gələcək fəaliyyəti, xaricdə yaşayan soydaşlarımız arasında birliyin daha da gücləndirilməsi, yeni əməkdaşlıq imkanları və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər