İradə Axundovanın 70 illik yubileyidir

4 iyun, 2026

İradə Axundovanın 70 illik yubileyidir

ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayan soydaşımız, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri, Azərbaycan-Amerika Təşkilatları Alyansının üzvü İradə Axundovanın 70 illik yubileyidir.

İradə Axundova 2 iyun 1956-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə AMEA-nın Geologiya İnstitutunda başlayıb, daha sonra pedaqoji fəaliyyətlə məşğul olub. 1997-ci ildən ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayır.

İradə Axundova 2000-ci ildən Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasına rəhbərlik edir. Onun təşəbbüsü ilə 2015-ci ildə Hyustonda Azərbaycan Mərkəzi yaradılıb. ABŞ-də Azərbaycan diasporunun inkişafına, Azərbaycan–Amerika əlaqələrinin möhkəmləndirilməsinə və ölkəmizin tarixi, mədəniyyəti, eləcə də milli-mənəvi dəyərlərinin tanıdılmasına xüsusi töhfələr verib. Onun təşkilatçılığı ilə Texas ştatının müxtəlif universitetlərində Azərbaycana həsr olunan tədbir və konfranslar keçirilib.

İradə Axundova Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 3 iyun 2026-cı il tarixində Azərbaycan diasporunun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 70 illik yubileyi münasibətilə İradə Axundovanı təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər