Hamiltonda Azərbaycan haqqında tarixi faktlara xüsusi maraq olub
4 iyun, 2026
Kanadanın Hamilton şəhərində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə “Ənənəvi Azərbaycan çay mərasimi” adlı tədbir keçirilib.
Tədbir azərbaycanlı musiqiçi Kristina Rəhimovanın ifasında Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Hamilton Azərbaycan Cəmiyyətinin rəhbəri Cəmilə Şepherd iştirakçıları Müstəqillik Günü münasibətilə təbrik edib. 28 May tarixinin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Hamiltondakı Azərbaycan icmasının birliyini, milli dəyərlərə bağlılığını və ortaq məqsədlər ətrafında həmrəyliyini yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan icmasının fəalı Şəbnəm Sevincin hazırladığı qısametrajlı film nümayiş etdirilib. Filmdə Azərbaycanın zəngin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında məlumat verilib, ölkəmizin keçmişi və bu günü barədə geniş təsəvvür yaradılıb.
Tədbirdə Azərbaycan çay mədəniyyətinin təqdimatına da xüsusi yer ayrılıb. Gənc könüllü Nisa Sevinc çay süfrəsinin tarixi və mədəni əhəmiyyəti, armudu stəkanın simvolik mənası, eləcə də milli şirniyyatlarımız haqqında iştirakçıları məlumatlandırıb. Ardınca Kayra Sevinc tarixçi Dilqəm Əhmədin kolleksiyasından seçilən fotoşəkillər əsasında Azərbaycan haqqında maraqlı faktları auditoriya ilə bölüşüb. Tədbirin vizual tərtibatı dizayner Nərmin Məmmədova tərəfindən hazırlanıb.
Proqram boyunca səsləndirilən Azərbaycan musiqiləri tədbirə xüsusi ab-hava bəxş edib. Violonçeldə Hüqo Peridzenin müşayiəti ilə Kristina Rəhimovanın ifaları böyük maraqla qarşılanıb.
Tədbir görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığından nümunələrin səsləndirilməsi ilə yekunlaşıb.
Foto qalereya
Digər xəbərlər
