Fransadakı diasporumuzun fəal üzvü vəfat edib
6 may, 2026
Fransadakı diasporumuzun fəal üzvü, tanınmış alim Vəfa Mustafayev ömrünün 88-ci ilində vəfat edib.
1938-ci ildə Bakıda anadan olan Vəfa Mustafayev orta və ali təhsilini doğma şəhərində alıb. Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.
Vəfa Mustafayev uzun illər Parisdə UNESCO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib. Azərbaycanın gənc istedadlarının UNESCO platformalarında tanıdılmasına, ölkəmizlə UNESCO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Vəfa Mustafayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Digər xəbərlər
