Əjdər İbrahimov əfsanəsi Vyetnamda yenidən canlanıb
6 may, 2026
Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda bu ölkədə kinematoqrafiya məktəbinin əsasını qoyan azərbaycanlı kinorejissor Əjdər İbrahimovun xatirəsinə təntənəli tədbir təşkil olunub və onun “Vyetnamda gördüklərim” adlı kitabının təqdimat mərasimi keçirilib.
Əlamətdar tarixi hadisəyə çevrilən tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə və Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dong iştirak edib.
Azərbaycan-Vyetnam əlaqələrinin dərin tarixi köklərə əsaslandığını vurğulayan komitə sədri bu əlaqələrin iki ölkənin prezidentləri İlham Əliyev və To Lamın rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyaraq dinamik şəkildə inkişaf etdiyini bildirib. Qeyd edib ki, qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə söykənən bu münasibətlərin formalaşmasında mədəniyyət xadimlərinin, xüsusilə də Əjdər İbrahimovun rolu əvəzsizdir. Onun yaradıcılığı yalnız kino sahəsində deyil, ümumilikdə Azərbaycan-Vyetnam mədəni əlaqələrinin zənginləşməsində mühüm körpü rolunu oynayıb və bu irs gələcək nəsillər üçün də dəyərli nümunədir.
Səfir Şövqi Mehdizadə çıxışında vurğulayıb ki, Əjdər İbrahimovun çoxşaxəli və məhsuldar fəaliyyəti nəticəsində Vyetnam haqqında bir sıra dəyərli kitablar qələmə alınıb, filmlər çəkilərək Vyetnamda milli kino məktəbinin əsası qoyulub. Səfir əlavə edib ki, Vyetnam xalqının Azərbaycana bəslədiyi səmimi rəğbət və dost münasibətində Əjdər İbrahimovun xidmətləri bu gün də dərin minnətdarlıq hissi ilə xatırlanır.
Vyetnamın mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dong isə Vyetnamdakı Azərbaycan icmasının fəallığını yüksək qiymətləndirərək, Əjdər İbrahimovun fəaliyyətinin iki ölkə arasında mədəni əlaqələrin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, “Vyetnamda gördüklərim” kitabı kinorejissorun gördüyü işlərin miqyasını bir daha nümayiş etdirir və göstərir ki, Azərbaycan və Vyetnam bir-biri üçün strateji və mənəvi baxımdan önəmli tərəfdaşlardır.
Tədbirdə, həmçinin Əjdər İbrahimovun Vyetnamdakı həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub, kitabında yer alan fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Sərgi tamaşaçıların sonsuz marağına səbəb olub.
İllər öncə Əjdər İbrahimovun rejissorluğu ilə çəkilən filmdə rol alan aktrisa To Uyenin səhnəyə çıxaraq iştirakçıları salamlaması böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Daha sonra “Vyetnamda gördüklərim” kitabının illüstrasiyasına verdikləri töhfələrə görə vyetnamlı məktəblilərə sertifikatlar təqdim edilib. Mərasim zamanı Azərbaycan sənətçilərinin ifasında milli musiqilərimiz və muğam nümunələri səsləndirilib. Azərbaycan musiqiləri tədbir iştirakçılarının zövqünü oxşayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin, səfirliyin və Vyetnam Film İnstitutunun birgə təşkilatçılığı ilə adı çəkilən institutda keçirilən tədbir yerli medianın diqqət mərkəzində olub.
Qeyd edək ki, “Vyetnamda gördüklərim” kitabı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü ilə vyetnam dilinə tərcümə olunub. Əlavə edək ki, son illər komitə tərəfindən xarici dillərdə kitabların nəşr olunması və onların dünyanı nüfuzlu kitabxanalarına paylanması ənənə halını alıb.
Foto qalereya
Digər xəbərlər
