“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər

6 may, 2026

“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər

 

Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor Gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib.

Komitənin gənclərlə bağlı uğurlu layihələrindən olan “Diaspor gəncləri 1+1” Proqramı 2021-ci ildən etibarən həyata keçirilir. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda ermənilərin törətdiyi vandalizm aktlarını, müharibə cinayətlərini, azad olunan ərazilərdə gedən sürətli yenidənqurma prosesini layihə iştirakçıları vasitəsilə xaricdə geniş işıqlandırmaqdır. Komitə layihə çərçivəsində xaricdəki Azərbaycan diaspor gənclər təşkilatlarının rəhbərinin və ya fəal üzvünün onun yaşadığı ölkədən olan bir nəfər əcnəbi, nüfuzlu gənclə birlikdə Azərbaycana səfərini təşkil edir.

Builki səfərdə Almaniyadan maliyyə və logistika üzrə mütəxəssis Emil Kinzel və SMM (Sosial Media Marketinq) üzrə mütəxəssis Yan Eibel, Misir Ərəb Respublikasından orada Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərən Asmaa Behairy və inflüenser Shahd Elshazly, Litvadan Vilnüs Universitetinin magistrantı Inga Germanovičiūtė və Turiba Universitetinin doktorantı Taleh Abbaslı ölkəmizə gəliblər.

Onlar Bakı şəhəri ilə tanışlıqdan sonra Qarabağ bölgəsinə – Şuşa və Xankəndiyə yola düşüblər.

Səfərin ilk dayanacağı Şuşa şəhəri olub. Qonaqlar burada güllələnmiş heykəlləri, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Gəncə qapısını, İsa bulağını, eləcə də Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Qonaqlara Şuşanın zəngin tarixi, şəhərin mədəni irsi və işğal dövründə Azərbaycan abidələrinə qarşı törədilmiş vandalizm faktları barədə ətraflı məlumat verilib. Şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri iştirakçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.

Bunun ardından qonaqlar Xankəndi şəhərinə yola düşüblər. Onlar şəhərin Zəfər meydanını gəzib, şəhərin tarixi, mövcud vəziyyəti, sosial və mədəni həyatı, həmçinin bölgədə gedən proseslər barədə bilgiləndiriliblər. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən yenidənqurma işləri və gələcək inkişaf perspektivləri xüsusi diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Zəfər parkı ziyarət edilib. Bu ziyarət qonaqlarda böyük təəssürat yaradıb və bölgənin tarixi əhəmiyyətini daha yaxından anlamağa imkan verib.

İştirakçılar, həmçinin Qarabağ Universitetində də olublar. Universitetin kitabxanası ilə tanışlıqdan sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisləri Fariz Bayramov və Güllər Səfərova qonaqlara ali təhsil ocağının elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat veriblər. Görüş zamanı təhsil imkanları, beynəlxalq mübadilə proqramları və birgə elmi tədqiqatların təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Səfər iştirakçılar üçün unudulmaz təəssüratlarla yadda qalıb.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər