Edinburq Universitetinin Azərbaycan Tələbə Cəmiyyəti yeni tədris ilinə silsilə tədbirlərlə başlayıb
22 sentyabr, 2026Böyük Britaniyanın Edinburq Universitetində yeni tədris ili münasibətilə “Tələbə fəaliyyətləri” sərgisi təşkil olunub. Həmin ali təhsil müəssisəsində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə sərgidə iştirak edib.
Cəmiyyətə məxsus stenddə ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, adət-ənənələri, eləcə də Azərbaycan Tələbə Cəmiyyətinin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Qonaqlara milli mətbəximizə aid müxtəlif şirniyyatlar təqdim olunub. Gün ərzində stendi 400-ə yaxın tələbə ziyarət edib. İştirakçıların bir qismi cəmiyyətin sosial media hesablarını izləməyə başlayıb, gələcək tədbirlərdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Sərgidə iştirakla yanaşı, Azərbaycan Tələbə Cəmiyyəti yeni tədris ilinin başlanması münasibətilə azərbaycanlı tələbələr üçün tanışlıq və məlumatlandırma xarakterli görüş də keçirib. Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə baş tutub. Tədbirə Edinburq Universitetinin tələbələri, “Caspian Circle” təşkilatının rəhbəri Fuad Ələkbərov, Edinburq və Kraliça Marqaret Universitetlərində çalışan azərbaycanlı müəllimlər, St Andrews Universitetindən gələn qonaqlar da daxil olmaqla, 50-yə yaxın iştirakçı qatılıb.
Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri, "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Edinburq Universitetində təhsil alan Akif Hüseynov cəmiyyətin fəaliyyəti, qarşıdakı tədris ili üzrə planlar, eləcə də azərbaycanlı tələbələrin universitet həyatına uyğunlaşmasına dəstək məqsədilə nəzərdə tutulan təşəbbüsləri diqqətə çatdırıb.
Bununla yanaşı, yeni qəbul olan tələbələr universitetin ictimai və akademik mühitində fəal iştirakın əhəmiyyəti barədə məlumatlandırılıb və onlara müvafiq tövsiyələr verilib.
Daha sonra iştirakçılar müxtəlif interaktiv oyunlarda iştirak ediblər. Bu proqram yeni və əvvəlki üzvlər arasında ünsiyyətin möhkəmlənməsinə, səmimi mühitin formalaşmasına şərait yaradıb. Sonda qaliblərə hədiyyələr təqdim olunub.
Foto qalereya
Digər xəbərlər
